İqtisadiyyat Nazirliyinə məxsus, bu ildən Türkiyənin “Demirören Şans Oyunları Yatırımları” anonim şirkətinə idarəetməyə verilmiş “Azərlotereya” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin olunub.
İndex.az şirkətin internet səhifəsinə istinadən xəbər verir ki, bu, Türkiyə vətəndaşı Zəfər Rəisoğludur.
İH-nə ondan başqa 4 baş rəhbər də daxil edilib. Bunlar satış üzrə baş rəhbər Cahangir Fərəcullayev, maliyyə üzrə baş rəhbər, Türkiyə vətəndaşı Osman Qaraquş, əməliyyatlar üzrə baş rəhbər, Türkiyi vətəndaşı Salih Tüfəkçi və marketinq üzrə baş rəhbər Sənan Orucovdur.
İndiyə qədər “Azərlotereya”nın İH-nə Maqsud Tağıyev rəhbərlik edib. Onun müavini Elçin İbrahimov, İH-nin digər üzvü (həm də maliyyə şöbəsinin rəisi) isə Hidayət Yarıyev olub.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır.