“Porsche” yeni loqosunu təqdim etdi

“Porsche” şirkəti özünün məşhur loqo nişanının son versiyasını təqdim edib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, tarixi nişan asanlıqla tanınır. Dəyişiklikləri görmək üçün daha yaxından baxmaq lazımdır.

Bürünc hissəsi indi tamamilə hamarlanıb. Bu, “Porsche” adının daha yaxşı seçilməsinə imkan verir. Gerbin qırmızı hissəsində naxış peyda olub. Mərkəzdə Ştutqart şəhərinin adı da var.

Brend “Porsche” idman avtomobillərinin 75 illiyini qeyd edir. Şirkət ilk dəfə 1952-ci ildə təqdim olunduğundan bəri öz avtomobillərində loqonun bir neçə versiyasından istifadə edib. O vaxtdan bəri ticarət markasının loqosu beş dəfə yenilənib. Ən son dəyişiklik isə 2008-ci ildə baş verib.

Şirkətin emblemi özündə gerbi əks etdirir. Qara və qırmızı zolaqlar və maral buynuzları paytaxtı Ştutqart şəhəri olan Almaniyanın Vürtemberq əyalətinin gerbinin elementləridir.  At isə xatırladır ki, Ştutqart şəhəri 950-ci ildə at ferması kimi qurulub.

“Porsche”nin məlumatına görə, yenilənmiş loqo 2023-cü ilin sonunda avtomobillərdə görünməyə başlayacaq.