Çin viza prosesini yenidən başladır

Çin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri İdarəsindən verilən açıqlamada, səfirliklər, konsulluqlar və gömrükdəki viza idarələrinin Covid-19 epidemiyasının başlanğıcında dayandırılan viza prosedurlarına yenidən başlayacağı bildirilib.

İndex.az xəbər verir ki, turist vizaları və müvəqqəti tranzit vizaları da daxil olmaqla bütün növ vizalar üçün müraciət və təsdiqlərin qəbulunun bərpa ediləcəyi bildirilib və viza prosedurlarının dayandırıldığı 28 mart 2020-ci ilə qədər verilən vizalar da qüvvədə qalacaq.

Həmçinin ölkənin cənubundakı Haynan adasına və Honq-Konq və Makao Xüsusi İnzibati Bölgələrindən Quanqdonq əyalətinə qrup səfərləri üçün vizasız girişin təmin ediləcəyi bildirilib.

Qeyd edək ki, Çin Covid-19 epidemiyasının başlamasından sonra 2020-ci ilin martında sərhədlərini xarici dünyaya bağlamışdı və bütün vizaları dayandırmışdı.