Laqard: “Pik nöqtənin harada olacağını hələ bilmirik”

“Avropa Mərkəzi Bankı”nın (AMB) sədri Kristin Laqard mart ayında keçiriləcək iclasdan sonra faiz artımının mümkün olduğunu bildirib.

İndex.az xəbər verir ki, İspan televiziyası “Antena 3”də yayımlanan proqrama qatılan AMB-nin sədri Kristin Laqard bildirib ki, inflyasiyanın hələ də çox yüksək olduğu bir mühitdə bu ay faiz dərəcələrində 50 baz bəndlik artımın olması masadadır.

İnflyasiyanın aşağı salınması üçün faiz dərəcələrinin daha da yüksəldilməsi lazım olduğunu ifadə edən Laqard pik nöqtənin harada olacağını hələ bilmədiklərini söyləyib.

Laqard həmçinin faiz artımlarının maliyyə bazarlarına da yansımasını istədiklərini, bankların faiz artımlarını depozitlərinə əks etdirmələri lazım olduğunu vurğulayıb.

Laqard çıxışında son 3 ayda azalan inflyasiyanın fevral ayında bir qədər artdığını və qiymət enişinin sabit olmadığını bildirib:

“Qiymətlərin enəcəyinə əminik, amma inflyasiya hələ də çox yüksəkdir. İnflyasiyanın aşağı düşməsi üçün müəyyən vaxt lazımdır”.