Beynəlxalq daşımalarda Azərbaycanın avtomobil daşıyıcıları tərəfindən həyata keçirilən 3-cü ölkədən 3-cü ölkəyə daşımalar 2022-ci ildə 2 dəfə artıb.
İndex.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Onun sözlərinə görə, son bir il ərzində beynəlxalq daşımalarda xarici daşıyıcıların payı 5 % azalıb, bizim daşıyıcıların payı isə artıb: “Biz istəyirik ki, cari ildə bu göstərici daha da artsın. Bu gün ölkə sərhədlərini keçən avtomobillərin sayı 8 mindən çoxdur”.
R. Hümmətov bildirib ki, hazırda beynəlxalq daşımalar üçün buraxılış vəsiqəsi almaq istəyən 218 şirkətdən yalnız 84-ünün təqdim etdiyi sənədlər buraxılış qaydalarının şərtlərinə uyğundur: “Bu şirkətlərin avtonəqliyyat vasitələrinin sayı ümumi parkın cəmi 16 %-ni təşkil edir”.
Onun sözlərinə görə, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir.
Nazir müavini qeyd edib ki, hələ iki il bundan əvvəl beynəlxalq yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin sayı 3 000-dən az olub, 2022-ci ildə isə bu say 8000-i ötüb: “Nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb”.
R. Hümmətov bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) daşıyıcıların iştirakı ilə çoxsaylı maarifləndirici görüşlər keçirilib və buraxılış qaydaları haqqında zəruri məlumatlar təqdim olunub: “AYNA-nın Təlim-Tədris Mərkəzi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş şirkətlər sürücülərin peşəkarlıq səriştəsinə dair təlimlər keçirir. Bu günədək təlimlərdə 4 000-dən çox sürücü iştirak edib. Ümumilikdə isə 8 000-dən çox sürücünün tədris prosesinə cəlb edilməsi nəzərdə tutulur”.