Bank məhdudiyyətləri Rusiya məhsullarını bahalaşdıracaq

Rusiyanın bank sisteminə tətbiq edilən sanksiyalar Azərbaycanda idxalla məşğul olan sahibkarların işini çətinləşdirib.

İndex.az xəbər verir ki, bunun qarşısını almaq üçün alternativ yollar axtarılsa da hazırda itkilərdən qaçmaq mümkün deyil. Bank əməliyyatlarına tətbiq olunan məhdudiyyətlərin iqtisadi subyektlərə təsirlərini şərh edən iqtisadçı Rəşad Həsənov qarşıdakı günlərdə Azərbaycan tərəfin ödənişləri ümumiyyətlə həyata keçirə bilməyəcəyini deyib. Onun sözlərinə görə, daxili ödəniş sisteminə qoşulmaq da qısa müddətdə mümkün olmaya bilər:

“Rusiya artıq SWİFT-dən çıxarılıb. Bir neçə ölkə üzərindən həyata keçirilən əməliyyatlarda artıq Azərbaycan da problemlərlə üzləşəcək. Ödənişləri qəbul edə bilməyəcək, yaxud Azərbaycan tərəfi ödənişləri ümumiyyətlə həyata keçirə bilməyəcək. Düzdü, burada alternativ variant vardır. Ölkəmiz də Rusiyanın daxili ödəniş sisteminə qoşula bilər. Hazırda 7 ölkədə “Mir” ödəniş sistemi tətbiq edilir. Azərbaycanın da bu sistemə inteqrasiyası ilə bağlı təşəbbüslər mövcuddur. Rusiya ilə Azərbaycan arasında imzalanan son müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə bu məqam müəyyən mənada öz əksini tapıb. Zaman alan məsələdir, amma böyük ehtimalla gələcəkdə ilk vaxtlar Rusiya banklarının idealı olan banklar bu prosesə qoşulacaq. Dolayısı ilə növbəti mərhələdə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış problemi bu yolla həll etməyə çalışacaqlar”.

R.Həsənov orta və uzunmüddətli dövrdə Azərbaycanı hansısa formada Rusiyanın özünə tətbiq etdiyi ödəmə sistemlərinə inteqrasiya etməsi ilə bağlı zərurət yaranacağını bildirib. İndiki halda isə artıq Rusiya maliyyə sesteminin beynəlxalq inteqrasiyadan təcrid olunduğunu və bunun mərhələli şəkildə genişlənməkdə olduğunu deyib:

“Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Burada 3 milyard dollarıq dövriyyədən söhbət gedir. Bunun da 2 milyard dolları Azərbaycana idxaldı, 1 milyard dolları isə ixracdı. Bizdə sahibkarlıq subyektləri hər hansı bir problemlə üzləşdikdə bu, tranzaksiya xərclərinin artmasına gətirib çıxaracaq, yəni, ödəniş xərcləri artacaq. Tutaq ki, Qazaxıstan üzərindən ödənişlərin edilməsi dövriyyəyə görə təxminən 8% əlavə xərc yaradır. Bu da o deməkdir ki, sahibkar həmin xərci məhsulun maya dəyərinə əlavə edəcək. Azərbaycana idxal olunan mallar daha baha başa gələcək. Bir tərəfdən ümumi baş verən bahalaşma, digər tərəfdən bu xərclər son nəticədə azərbycanlı istehlakçıların alıcılıq imkanlarını məhdudlaşdıracaq. Rusiya məhsulları Azərbaycan bazarında daha baha satılmağa başlayacaq”.

Gələcəkdə bazarların şaxələnməsi, bəzi məhsulların, xidmətlərin alternativ yollarla əldə olunması ilə bağlı çağırışların olacağını istisna etməyən R.Həsənov burada hökümətin də müəyyən qədər təşəbbüslərinin olmasını, sahibkarları dəstəkləməsini vacib sayıb. Artıq bank əməliyyatlarının bahalaşmasının ilk təsirlərinin hiss olunduğunu deyib. Bundan sonra da ən azı növbəti 1 ildə bu fəsadların ən kəskin şəkildə hiss ediləcəyini bildirib:

“Mənim proqnozlarıma görə, Ukraynada müharibəni dayandırsa belə, Rusiya tam olaraq beynəlxalq normalara uyğun davranan ölkə formatına qayıtmayana qədər, işğalçılıq siyasətindən əl çəkməyənə qədər böyük ehtimalla bu sanksiyalar davam edəcək. Çünki sanksiyaların bəzilərinin konkret tarixi vardır. Məsələn 6 ay tətbiq edilməsi ilə bağlı qərar verilib. Bəziləri iolə bağlı isə ümumiyyətlə, dünya müəyyən itkiləri gözə alaraq qərarlar qəbul edib. Başa düşür ki, Rusiyanı hansısa formada qısamüddətli güzəştlərə getməklə işğala təşviq etmək olar. Ona görə də mən düşünürəm ki, bu o qədər də asan olmayacaq. Sanksiyalar qısa müddətdə götürülməyəcək”.

Sanksiyalardan yan keçmək üçün hökumətlərin alternativ yollar axtardığını deyən R.Həsənov hətta enerji məhsullarının istehlakı ilə bağlı artıq embarqoların müşahidə olunduğunu qeyd edib. İqtisadçı hesab edir ki, bu proseslər Rusiyanı “əhliləşdirənə” qədər davam edəcək.