Nağdsız əməliyyatların həcmi 2,2 dəfə artıb

2022-ci il martın 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 255 min ədəd artaraq 11 milyon 528 min ədəd təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,3% artıb. Kartlarda artım kredit kartlarının hesabına baş verib. Onların sayı 29,4% artaraq fevralda 1 milyon 450 min ədədə çatıb.
Debet kartları üzrə isə 19,1% artım qeydə alınıb. Ötən ilin fevral ayına nəzərən əməkhaqqı kartlarının sayı 47 min, kredit kartları 329 min, digər kartlar isə 1,5 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. 2022-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 379 milyon manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 16 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 361 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 37,7%-ni təşkil edib.

Bundan əlavə, ötən ilin fevral ayının sonu ilə müqayisədə bu il POS-terminalların sayı 9,4% artıb.