“İnternat uşağı olduğumu deməyə utanırdım” – MÜSAHİBƏ

Maştağa 1 №-li internat… Ağlınıza ilk olaraq nə və ya kim gəldi? Təbii ki, gözünüzün önündə Vətən Müharibəsinin qəhrəman iştirakçılarından olan, Şuşanın işğaldan azad edilməsində böyük şücaət göstərmiş Elçin Əhmədovun səmimi gülüşü canlandı. O, bu sözləri azad etdiyi yerlərə yazmışdı. Deyirlər ki, internat məzunları Vətənə başqa cür bağlı olur. Yəqin, internat məzunlarının keçdiyi yol, üzləşdiyi çətinliklər hamıya maraqlıdır…

 

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” GİB-in sədri, üstəlik, qəhrəman əsgərimiz Elçin Əhmədovun qardaşı Araz Əhmədovun İndex.az-a müsahibəsi:

 

– Araz bəy, internat məktəbindən ayrılan bir gənc hansı proseslərdən keçir?

– Əvvəla onu bildirim ki, əksər internat məktəbləri 9 illik olduğu üçün yeniyetmələr 9-cu sinifi bitirdikdən sonra məzun olur. Əlbəttə, bu yaşda məzun olmaq müstəqil həyatda yeniyetmələrə çətinlik yaradır. Çünki elə bir yaş dövrüdür ki, onlar iş tapmaqda çətinlik çəkirlər. Həm işəgötürən o yaşda bir şəxsə üstünlük vermir, həm də qanun da o yaşda işləməyi məhdudlaşdırır. Bizim zamanımızda internat məktəbindən 18 yaşında məzun olurdular. Düzdür, o vaxtlar vəziyyət daha acınacaqlı idi. Söhbət 90-cı illərin sonlarından gedir. Lakin ən azından internat məktəbini bitirən ya ali məktəbə qəbul olub orada özünə çevrə qazanırdı, ya da hərbi xidmətə gedib yenidən bir ailənin üzvü olurdu. İndi isə 15-16 yaşlı yeniyetmə internat məktəbini bitirir və başlayır özünə cəmiyyət içində yer qazanmaq üçün mübarizə aparmağa. Uzun sözün qısası, internat məktəbini bitirən bir yeniyetmə, əgər ailəsi və ya qohumları varsa, onların yanına yönəlir. Yoxdursa, bu zaman dövlət tərəfindən dərhal evlə təmin olunur və həyatını qazanmağa çalışır. Əgər internat məktəbindən məzun olan bir yeniyetmə təhsilini davam etdirmək istəsə, bu zaman ona dövlət tərəfindən dəstək göstərilir: təhsil haqqı ödənilir, təqaüd verilir və s.

– 15 yaşlı bir uşaq cəmiyyətdə özünə necə yer tuta bilər?

– Onlar əsasən tək yaşıyırlar. Təbii ki, bizim təşkilatın üzərinə düşən məsuliyyət də var. Biz onlarla məzun olmamışdan öncə söhbətlər aparırıq. İstəyirik ki, məzun olmazdan öncə bilsinlər ki, artıq onları müstəqil həyatda nə gözləyir. Həmin problemlərdən yayınmaq üçün indidən hansı addımı atmalı olduqlarını dərk etsinlər. Eyni zamanda Gənclər Fondu və Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyimiz lahiyə var – “Müstəqil həyata sağlam inteqrasiya”. Bu lahiyədə həm psixoloqlar komanda şəklində işləyir, həm də biz müxtəlif təlimlər hazırlayırıq. Hansı ki, bu təlimlərdə müstəqil həyatda təhsilin əhəmiyyətindən, vətənpərvərlikdən, peşə və ixtisasların növlərindən danışılır. Gənclərin özlərini, bacarıqlarını kəşf etməsi üçün bu tip təlimlər həyata keçirilir. Gənclərin içində aqressiv və ya depressiyada olanları olduqda onlarla 7-8 psixoloji seanslar keçirilir. Beləliklə, gənclər müstəqil həyatda qarşılarına çıxacaq problemləri və onların həlləri yollarını öyrənir, eləcə də psixoloji cəhətdən tam hazır olurlar. Bununla yanaşı, bu təlimlərdə biz gəncləri təşkilatımızla da tanış edirik. Onlara internat məktəbindən ayrıldıqdan sonra belə, hansı köməkliyi göstərə biləcəyimizi başa salırıq.

– Dediniz ki, təhsilini davam etdirən gəncləri dövlət yenə himayə edir. Bəs təhsilini davam etdirməyən gənclər necə olur?

– Biz onlar üçün də çalışırıq. Keçən il Dövlət Məşğulluq Agentliyi ilə bir lahiyəyə start verdik. Oğlanlar üçün aşbazlıq, xanımlar üçün isə saç ustası kursları təşkil etdik. Bu kurslara yazılan uşaqlara Dövlət Məşğulluq Agentliyi tərəfindən 300 manat əlavə təqaüd verilirdi. Kursa qatılmış uşaqlardan bəziləri kursu bitirdi və hərbi xidmətə yollandı, bəziləri isə iş taparaq aşbaz kimi fəaliyyət göstəməyə başladı.

– Bu cür kursların sayı artırılacaq?

– Bəli, artırılacaq. Bununla bağlı bizim yeni bir lahiyəmiz də var. Söhbət Gənclər və İdman Nazirliyi ilə birlikdə həyata keçirəcəyimiz “İnternat məzunları arasında peşə inkişafının təşviqi” lahiyəsindən gedir. Bu lahiyəni Lənkəranda həyata keçirməyi planlaşdırırıq. Lakin gəncləri buradan (Bakıdan – red.) aparacağıq. Həm Lənkəranı tanıyıb, gəzərlər, həm də orada onlara təlimlər keçiriləcək. Bu təlimlər vasitəsilə hansı peşələrin olduğunu, bu peşələrə necə yiyələnə biləcəklərini, onlara hansı formada dəstək göstərilə biləcəyini öyrənə bilərlər. Bundan sonra artıq onlar özləri üçün peşələr seçəcəklər. Biz isə qarşılığında onları peşə məktəblərinə yönləndirəcəyik. Oxuduqları müddətdə isə onlara aylıq 300 manat təqaüd veriləcək.

– İnternatdan ayırlan gənclərin ən çox üzləşdiyi problemlər hansılardır?

– Bilirsiniz, internat qapalı mühitdir və bir gənc internat məktəbində həyatını hər gün eyni şeyləri etməklə davam edir. Eyni müəllimlər, eyni divarlar, eyni uşaqlar, eyni yataqlar… Məzun olduqdan sonra isə cəmiyyət arasına çıxırlar. Artıq bu uşaqların ətrafındakılar illərdir tanıdığı simalar deyil. Təəssüf ki, bizim cəmiyyətimiz internat uşaqlarına qarşı heç də mülayimlik göstərmir. Çünki cəmiyyətimizin böyük bir hissəsi internat uşaqlarını risk qrupuna aid edir. Yəni bu uşaqları həbsdən çıxanla eyni tuturlar. Ancaq bu, belə deyil! Əslində internat uşaqları risk qrupuna yox, həssas qrupa daxildir və onlarla cəmiyyət bacardığı qədər həssas davranmalıdır. Cəmiyyət bu gənclərə qarşı yumşalmalıdır. Ən böyük problemlər iş tapmaqla bağlıdır. İşəgötürənlər bizim gənclərə inamsız yanaşır. Biz isə qarşılığında daimi olaraq həm işəgötürənləri, həm də cəmiyyəti məlumatlandırmağa çalışırıq ki, heç də siz düşündüyünüz kimi deyil. Bizim SOCAR və “Azəriqaz” ilə müqaviləmiz var. Hal-hazırda orada 120-dən çox internat məzunu çalışır. Bundan əlavə, “Neft daşları”nda işləyənlər var, Neft Emalı Zavodunda işləyənlər var və s. Hər biri də çox peşakar, savadlı kadrlardı.

– Qollarınızı çırmalayıb, çətin işlə məşğul olursunuz… Bəs dövlətin dəstəyi sizi qane edir?

– Əvvəla, dövlət dəstəyi var. Dövlət heç bir kəsi olmayan gənci internat məktəbindən məzun olarkən dərhal evlə təmin edir. Əgər internat məzunu hansısa peşə və ya ail məktəbdə ödənişli əsaslarda təhsil alırsa, bu ödənişlər ödənilir və gəncə təqaüd ayrılır. Bundan əlavə, dövlətin belə bir qanunu var ki, hər 50 iş yerindən biri həssas qrupa aid gənclərə ayrılmalıdır. Eləcə də dövlətimizdə belə də bir qanun var ki, internat məktəbini bitirmiş gənc ali, orta ixtisas və ya peşə məktəbini oxuduğu müddətdə yerli icra hakimiyyəti tərəfindən orta aylıq əməkhaqqının 5 misli ilə və ya il ərzində 4 dəfə geyim və yataq dəsti ilə təmin edilməlidir. Təbii ki, bu qanuna məsuliyyətlə yanaşan icra hakimiyyətləri var. Amma bu heç də hamısına aid deyil. Adicə ev növbəsinə düşmək istəyən bir gənc üçün sənəd işlərində bəzən o qədər çox problemlər yaradırlar ki, biz onlarla əlaqə saxlayıb, başa salana qədər özümüz də yoruluruq.

– “İnternat Məzunlarının Sosial İnteqrasiyası” GİB hansı lahiyələri həyata keçirib?

– Bu günə kimi 10-larla lahiyə həyata keçirmişik. Bu lahiyələr internat məzunları üçün son dərəcədə vacib olan lahiyələrdir. Müstəqil həyatda davranış qaydaları, etik normalar, milli-mənəvi dəyələr, vətənpərvərlik mövzusunda, müstəqil həyatda təhsilin əhəmiyyəti, hüququm və vəzifələrim və s. kimi lahiyələrə imza atmışıq.

Ən böyük lahiyələrimizdən biri, bayaq da qeyd etdiyim kimi, Gənclər Fondu və Təhsil Nazirliyi ilə həyata keçirdiyimiz “Müstəqil həyata sağlam inteqrasiya” lahiyəsidir ki, bu da hələ də davam edir. Bu lahiyə çərçivəsində internat məktəbinə düşmüş uşaqlar arasında psixoloji travması olanlar aşkar edilir. Çünki bəzi gənclərimiz var ki, internat məktəbinə düşməmişdən öncə ailədə böyük travma alır. Bununla yanaşı, peşələr haqqında məlumat verib onları peşələri öyrənməyə yönəltmək və gənclərin müstəqil həyata sağlam addım atmalarını təmin etmək lahiyəmizin əsas məqsədlərindəndir.

Daha bir yeni lahiyəmizi Dövlət Məşğulluq Agentliyi ilə birgə hazırlayırıq. Lahiyənin məqsədi internat məktəbindən məzun olmuş və heç bir məktəb oxumamış, peşəyə yiyələnməmiş gəncləri yenidən peşələri öyrənməyə cəlb etməkdir. Bununla yanaşı, əgər həmin gənclərdən hər hansısa birinin yaxşı bacarığı varsa, məsələn, yaxşı bərbər və ya dönərçidirsə, bu zaman Dövlət Məşğulluq Agentliyi onları lazımi avadanlıqlarla təmin edib, öz bizneslərini qurmağa yardım edir.

Eyni zamanda uşaqların internata atılmasının qarşısını almaq üçün yeni bir lahiyəyə başlamışıq. “Tənha anaların sosial inkişafına dəstək” lahiyəsi… Bu lahiyənin məqsədi nədir? Rayonlarımızda həyat yoldaşını itirmiş bir çox xanımlar var ki, onlar məcbur qalaraq öz övladlarını dövlət himayəsinə verirlər. Biz hal-hazırda onların sosial problemlərini həll etməyə çalışırıq ki, onların övladları ailədə böyüsünlər. İlk olaraq Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Bank Respublika” ilə birlikdə Şamaxıda 10 nəfərlik tikiş müəssisəsi açdıq. Artıq orada 15 nəfər işləyir. Müəssisə bütün avadanlıqlarla təmin olunub və işləyənlərin hər biri həyat yoldaşını itirmiş, himayəsində övladı olan xanımlardır. Hər birinə işlə bağlı təlim keçirilib və onlar artıq sifarişlər götürüb işləyirlər. Hətta sifarişlərdə artım var. Biz düşünürük ki, əgər belə davam edərsə, yaza qədər işləyən qadınların sayını 30-a qaldıra bilərik. Təbii ki, biz bu lahiyəni 15 nəfərlə yekunlaşdırmayacağıq. Bizim hesablamamıza görə, Şamaxıda sosial problem olan 82 ailə var. Hansı ki, bu xanımların öhdəliklərində yetim uşaqlar var. Onlarla da bağlı planlarımız var. Bu xanımların hazırladığı məhsulların satılması üçün sosial bazar yaradılacaq. Bu bazarın köməyi ilə daha rahat şəkildə satışları həyata keçirmək mümkün olacaq. Əlavə olaraq, əgər hər hansısa bu qrupa daxil xanımın kiçik biznes planı olarsa, ona da işini qurmaq üçün kömək edəcəyik. Məsələn, təmizlik işi qurub villaların, ofislərin təmizlənməsi ilə məşğul ola bilərlər. Yəni bu 82 ailənin 15-ni çıxmaqla, yerdə qalan ailələri, xanımları bacarıqlarına uyğun olaraq komandalara bölüb, hər komandalara özlərinə uyğun peşə formalaşdırırıq. Sonda isə bütün bunları bir sosial paket kimi hazırlayıb bütün rayonlara göndərəcəyik. Beləcə hər rayonda sosial problemlərlə üz-üzə qalan analar təsbit edilib, onları komandalara əlavə edib işlə təmin edəcəklər. Beləliklə, neçə-neçə uşağın internat məktəbinə atılmasının qarşısı alınacaq. Bundan başqa, qapalı ev şəraitində qalmış, sosial problemlərlə çırpışan xanımlarımız artıq sosiallaşacaq və bununla da onlar öz problemlərini rahat şəkildə aradan qaldıracaq. Eləcə də anaların işləməsi onların övladlarına qarşı davranışlarına da müsbət təsir edəcək.

– Əla, məsələni kökündən həll etməyə çalışırsınız…

– Bəli. Çünki uşaq evdə qaldıqda, ailə içində böyüdükdə həm dövlət büdcəsinə çox xeyir olur, həm də uşaq özü də ailə şəraitində böyümüş olur. Məsələn, 82 ailədə 120-ə yaxın uşaq var. Bu gün biz həmin ailələri işlə təmin etsək, 120-ə yaxın uşaq həm anasının yananda böyüyəcək, həm də dövlət büdcəsinə xeyir olacaq. Həmin uşaqlara xərclənməyən pul ilə biz daha genişmiqyaslı lahiyələr həyata keçirə bilərik.

– İnternat məzunlarının işlə təmin olunması hansı səviyyədədir? Gənclər özəl sektorda daha çox iş tapır, yoxsa dövlət sektorunda?

– Əsasən özəl sektorda iş tapırlar. Əksər gənclər özləri özlərini işlə təmin edirlər. Bəziləri hərbi xidmət zamanı tanış olduqları əsgər yoldaşlarının yanında işləyirlər, bəzilərinin qohumlarının iş yeri olur və gedib orada çalışırlar. İş tapa bilməyənlər isə bizim təşkilata müraciət edir. Biz isə SOCAR və “Azəriqaz” ilə müqavilələrimizdən, eyni zamanda Dövlət Məşğulluq Agentliyi ilə başladığımız lahiyələrdən istifadə edərək onların işlə təmin olunmasına müəyyən qədər köməklik göstəririk.

– Gördüyünüz işin həcmi həddən artıq böyükdür. Siz özünüz də məzunusunuz. Belə bir təşkilatı yaratmaq ideyası haradan yarandı?

– Biz internat məktəbindən məzun olarkən vəziyyət daha çox qəliz idi. Çünki nə indiki kimi dövlət qayğısı yox idi, nə də əlimizdən tutacaq bir təşkilat. Düşünün, həmin vaxtlar internat məktəbindən çıxan hər 10 uşaqdan 7-si həbsə düşürdü. İndi isə bizimlə əlaqədə olan 700 məzundan cəmi 5-10 nəfərində bu fakt qeydə alınıb. Biz hələ internat məktəbində olanda mən liderlik edib, uşaqlara stimul verirdim. Hər şeyin yaxşı olacağını, məzun olduqdan sonra daha yaxşı günlər görəcəyimizi söyləyirdim. Sonra baxdım ki, mənim sözlərim uşaqlara ümid verir və onlarda mənə qarşı arxayınlıq yaranıb. Bu isə mənim çiynimə əlavə məsuliyyət yüklədi.

Məzun olduqdan sonra əvvəl 4 nəfər birləşdik və ikiotaqlı mənzil kirayələdik. Bir müddət sonra mənzildə qalanların sayı artıq 10 nəfər idi. Çünki çöldə problemli bir yoldaşımızı gördükdə, təz gətirirdik yanımıza və çalışırdıq ki, onun problemlərini həll edək. Sonra, təbii ki, ev yiyəsinin bundan xəbəri oldu və biz məcbur qalıb, həmin evdən çıxdıq. Daha sonra Qaraçuxur qəsəbəsində dördotaqlı ev kirayələdik. Bir müddətdə orada yaşadıqdan sonra şəhərə qayıtdıq. Dostlarımızdan birinin qohumunun “lepka” sexi var idi. Orada işləməyə başladıq. Bu sənəti öyrəndik. Sonra özümüzə sex açdıq. Ümumiyyətlə, uşaqlar harasa işləmək üçün müraciət edəndə internat uşağı olduğunu gizlədirdi. Çünki həmin vaxt bizi işə götürmürdülər. Mənim həmişə ən böyük qayğılarımdan biri qardaşlarıma kömək etmək olub. Lakin elə anlar olurdu ki, əlimizdən bir şey gəlmirdi. Təqribən 24-25 yaşım olardı. Yol kənarında bir yazı gördüm – “Qarabağ Əlilləri Birliyi”. Bu isə mənə maraqlı gəldi. İçəri girib maraqlandım. Bildirdilər ki, Qarabağ döyüşlərində əlil olan şəxslərin birliyidir və onların problemlərini bu birliyin vasitəsilə həll edirlər. Məndə fikir formalaşdı ki, niyə internat uşaqlarının belə bir birliyi olmasın? Bundan sonra araşdırmaları davam etdirdim və qarşıma bir təşkilat çıxdı. Təşkilatı araşdırdıqda birlikdən daha əlverişli olduğunu gördüm. Daha çox məlumat əldə etmək üçün təlimlərə qatılmaq fikrinə gəldim. Təlimlər isə pullu idi. Bizim universitet tələbələri olan dostlarımız var idi. Onların sayəsində bəzən 1, bəzən 2 nəfər bu təlimlərdə gizlin şəklidə iştirak edirdik. Mən qeydlərimi aparırdım və anlayırdım ki, hələ də öyrəniləsi çox şey var. Beləcə dayanmadan araşdırmalar, təlimlər sayəsində təşkilatın nə olduğunu tam qavradım. Sonra hər şeyi tamamladıq və mən oturub nizamnaməmizi yazdım. Ədliyyə Nazirliyinin icazəsi əsasında fəaliyyətimizə başladıq.

İlk vaxtlarda çıxışlar edərkən internat uşağı olduğumu deməyə utanırdım. Dediyim kimi, ölkəmizdə bizi risk qrupuna daxil ediblər. Sonra isə gördüm ki, heç nədən, heç kimdən çəkinmək lazım deyil. Beləliklə, başladıq məzunlara dəstək olmağa, onları yönləndirməyə. Ən böyük çətinliyi gənclərə iş tapmaqda yaşayırdıq. Buna görə, mən birinci xanım Mehriban Əliyevaya məktub ünvanladım. Mehriban xanım bizi SOCAR-a yönləndirdi və biz Dövlət Neft Şirkəti ilə müqavilə imzaladıq. Beləcə bizim müqavilələrimiz, lahiyələrimiz bir-birini əvəzləməyə başladı.

– Müsahibələrinizdən birində qeyd etmisiniz ki, internat məzunları daha vərənpərvər olur. Sizcə vətənpərvərlik internat məktəblərində daha yaxşı aşılanır, yoxsa kimsəsiz uşaqlar sevməyə heç kimi tapmayanda ürəklərindəki bütün sevgini vətənə verir?

– Burada hər iki amil çox böyük rol oynayır. Çünki sevməyə bir kəsi tapmayanda boşluq yaranır və o boşluğa vətəni yerləşdirəndə daha effektiv olur. Hələ bizim vaxtımızdan belə idi ki, ildə iki dəfə başqa ab-havada olurduq. 20 yanvar və 26 fevral. Hər il bu günlərdə tədbirlər keçirirdik, səhnəciklər hazırlayırdıq. O anları biz həqiqətən yaşayırdıq. Eyni zamanda anlayırdıq ki, bizi ana-ata yox, dövlət yetişdirir.

Mirəli Qasımov/Index.az