Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Orxan Ələkbərov 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin aprel ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.
Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Orxan Ələkbərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.