“SOCAR AQŞ” Qazaxıstanın kəşfiyyat və hasilat şirkəti olan “Eureka Oleum” üçün kompleks qazma layihəsini təhlükəsiz və səmərəli şəkildə başa çatdırıb.
Layihə çərçivəsində “SOCAR AQŞ” “Eureka Oleum” şirkətinə aid üç neft yatağında qazma nəzarəti xidmətləri göstərmişdir. Xidmətlərə dərinliyi 3176, 3222 və 3600 metr olan istiqamətli neft quyularının qazılmasına nəzarət daxil idi. “SOCAR AQŞ” sifarişçiyə əməliyyatlara müntəzəm nəzarətdə, həmçinin SƏTƏM, quyuya nəzarət, mürrəkkəb geofiziki ölçü avadanlıqlarından istifadə etməklə məlumatların toplanması, kern nümunəsinin götürülməsi, yan lülələrin qazılması və digər quyudibi mürəkkəbləşmələr zamanı dəstək göstərmişdir.
“SOCAR AQŞ” qazma və quyulara texniki xidmət göstərilməsi sahəsində böyük təcrübəyə, eləcə də quruda və dənizdə mürəkkəb yataqlarda qazma əməliyyatları üçün bilik və texniki imkanlara malikdir. Hazırkı beynəlxalq inkişaf hədəflərimizin bir hissəsi olaraq, Eureka Oleum ilə olan bu layihə bizim təcrübəmizi bölüşmək üçün daha bir fürsət oldu.
Layihə zamanı insanların təhlükəsizliyi bizim əsas prioritetimiz idi və biz çox şadıq ki, işlər təhlükəsizlik tələblərinə tam uyğun aparılıb,” SOCAR AQŞ”-nin Baş direktoru Samir Mollayev bildirib.
Qeyd edək ki, SOCAR AQŞ Qazaxıstan Respublikasında ilk qazma layihəsinin idarə edilməsini öz üzərinə 2020-ci ildə götürmüş və uğurla başa çatdırmışdır. Müqavilə Eureka Oleum yataqlarından birində 3100 metr dərinlikdə istiqamətləndirilmiş neft quyusunun qazılmasına nəzarəti daxil edirdi. 2021-ci ildə “SOCAR AQŞ” dərinliyi 3309 və 3241 metr olan daha iki neft quyusunun idarə edilməsini davam etdirib.
Xatırladaq ki, “SOCAR AQŞ” 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və Abşeron Qazma Şirkəti tərəfindən yaradılmış kompleks qazma və quyu xidmətləri şirkətidir.
Qabaqcıl qazma texnologiyalarını təmin edən və yeni idarəetmə üsullarını tətbiq edən “SOCAR AQŞ” quyuların qazılması sahəsində uzun illər fəaliyyət təcrübəsinə malikdir.
“SOCAR AQŞ” ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
“SOCAR AQŞ” 2009-cu ildən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür və bütün müvafiq beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.