“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin 2019-cu il yanvarın 1-dən 2022-ci il mayın 1-dək olan dövr üzrə fəaliyyətində maliyyə nöqsanlarına yol verildiyi, ezamiyyə xərcinin artıq yazılaraq ödənildiyi, eləcə də nəqliyyat vasitələri üçün normadan artıq yanacağın silindiyi, idarənin balansında olan obyektlərdə əsaslı və cari təmir işlərinin dəyərlərinin artırılması hesabına podrat təşkilatlara artıq vəsaitlərin ödənildiyi aşkarlanıb.
İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bundan başqa, məlumata görə, nəzarət tədbirləri zamanı, həmçinin, Bakı, Sumqayıt, Gəncə Apellyasiya Məhkəmələrində, Təhsil Nazirliyinin 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində, Xaçmaz Rayon İcra Hakimiyyətinin Qusarçay Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Oğuz Rayon İcra Hakimiyyətinin Muxas Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində və Tərtər Rayon İcra Hakimiyyətinin Kəngərli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunan artıq və əsassız ödənişlərin dövlət büdcəsinə bərpası və nöqsanlara yol verən vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməklə cərimə olunması təmin edilib.