Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun İndex.az-a müsahibəsi:
– Vahid bəy, belə bir anlayış var: “inflyasiya gəliri yeyir”. Ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti durmadan artır. Təbii ki, bu, insanların xərclərinə təsir edir. Dövlət sektorunu anladıq, bəs özəl sektor indeksasiyaya gedirmi?
– Ümumiyyətlə dövlətin özəl sektora müdaxiləsi yoxdur. Lakin müəyyən tövsiyələr var. Məsələn, yaşayış minimumu, minimum əməkhaqqı, orta aylıq əməkhaqqı kimi göstəricilərə istər özəl, istərsə də dövlət sektorları riayət etməlidirlər. Çünki bunlar dövlət büdcəsi təsdiq olunarkən təsbit edilmiş rəqəmlərdir. Ona görə, hesab edirəm ki, özəl şirkətlərin rəhbərləri ölkədə gedən inflyasiyanı, yəni qiymət artımını nəzərə alıb, öz işçilərinin maaşlarına mütəmadi nəzarət etməlidir.
– Dövlətin keçirdiyi antiinflyasiya tədbirləri hazırki durumda nə dərəcədə effektivdir?
– Dövlətin keçirdiyi antiinflyasiya tədbirləri baş nazir tərəfindən təsdiq olunur və İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bilirsiniz ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var və bu qurumun bütün rayonlarda şöbələri mövcuddur. Onlar keçirdikləri monitorinqlər sayəsində süni qiymət artımını təsbit etdikdə protokollar tətbiq edir, cərimələyirlər. Effektivdir, ya yox, bilmirəm. Amma görürük ki, kifayət qədər cərimələsələr də, qiymət artımı hələ də var. Obyektiv qiymət artımını anlamaq olar. Çünki bəzi məhsullar idxal olunur. Biri də var Azərbaycanda istehsal olunan məhsullar. Qiymət artımı kifayət qədər yüksəkdir və yüksələn xətt üzrə də gedir. Əvvəllər inflyasiya 6-7% idisə, indi artıq 18-20%-dir. Hələ bu, dövlət statistikasının dediyi rəqəmlərdir. Elə mallar var ki, onların qiyməti 50%-dən çox bahalaşıb. Bizi ən çox narahat edən ərzaq məhsullarıdır. Bu sahəyə diqqət böyük olmalıdır. Antiinflyasiya tədbirləri həyata keçirilməlidir. Bundan əlavə, dövlətin əlində müəyyən rıçaqlar var. Onlardan biri əlavə dəyər vergisidir (ƏDV). Ərzaq məhsullarınn əlavə dəyər vergisi 18% yox, 1-2% səviyyəsində təyin edilməlidir. Bu da qiymətlərə öz təsirini göstərəcək. Elə məhsullar var ki, prestijli məhsullardır, məsələn, mebel, avtomobil, elektron avadanlıqlar, bu tip məhsullar üzrə əlavə dəyər vergisini 30-35% təyin etmək olar. Çünki uzunmüddətli məhsullardır və 15-20 ildən bir alınır. Hökumətin istədiyi vaxt bəzi gömrük rüsumlarını dəyişə bilər, ərzaq məhsullarına daha az gömrük rüsumu qoya bilər.
– Sizcə bu məsələdə monopoliyanın rolu nə qədərdir və inhisar nə vaxt tam yığışdırılacaq?
– Nə vaxt ki, Azərbaycanda Rəqabət Məcəlləsi qəbul ediləcək, o zaman müəyyən qədər monopoliya yığışdırılacaq. Hazırda hökümətdə həmin qanun lahiyəsi hazırlanır. O qanun lahiyəsi ölkə başçısına təqdim edilməlidir. Cənab prezident isə həmin sənədi göndərməlidir Milli Məclisə. Çalışacağıq ki, bu (payız) sessiyada həmin məcəllə müzakirəyə çıxarılsın.
– Ərzaq məhsulları günü-gündən bahalaşır. Amma illərdir eşidirik ki, yerli istihesalı stimullaşdırmaq lazımdır. Niyə stimullaşdırmırıq?
– Mən deyə bilmərəm ki, stimullaşdırmırlar. Həm sahibkarlığın inkişafına, həm kənd təsərrüfatına verilən əlavə dividendlər, dotasiyalar, subsidiyalar kifayət qədərdir. Görünür, idarəçilik sistemində müəyyən problemlər var. İqtisadiyyat Nazirliyi son vaxtlar qeyri-neft sektorunun inkişafı üçün müəyyən addımlar atıb və kifayət qədər də artım var. Böyük sənaye parkları, sənaye məhəllələri, aqroparklar yaradılıb. Amma bunu genişləndirmək lazımdır.