1500 nəfərin yaşadığı Ağaməmmədli İmişlinin ucqar kəndlərindən hesab olunur. Ucqarda yerləşməsi kəndin su ilə təminatında çətinlik yaradır.
Kənd sakinləri qeyd edirlər ki, onlar istər həyətyanı sahələrini, istərsə də pay torpaqlarını suvara bilmirlər. Kəndin 600 hektara qədər əkin sahəsini suvarma suyu ilə təmin edən R2 su kanalı öz mənbəyini Qarabağ kanalından götürərək 50 km məsafə qət etdikdən sonra Ağaməmmədli kəndinə çatır. Lakin kanalın suyundan Ağaməmmədli kəndindən əlavə, rayonun Boşçalılar, Cəfərli, Əliqulular və Muradxanlı kəndinin sakinləri istifadə etdiklərindən sonuncu kənd olan Ağaməmmədli kəndi əkin sahələrini lazımi səviyyədə su ilə təmin edə bilmir.
Problemlə bağlı İmişli Suvarma Sistemləri İdarəsindən bildirilib ki, bu gün kəndlər növbəli şəkildə suvarma suyu ilə təmin edilir. Ağaməmmədli kəndi sonuncu kənd olduğundan oranın su ilə təmin olunmasında müəyyən qədər çətinliklər var. Lakin əsas problem kənddə su birliyinin fəaliyyət göstərməməsidir. Çünki idarə suyu kəndə gətirərək orada fəaliyyət göstərən birlik üzvünə təhvil verir. Sonrakı mərhələ isə birliyin fəaliyyətindən asılıdır.
Daha ətraflı Baku TV-nin süjetində: