Biznesmen Emin Ağalarov yaxın illərdə “Sea Breeze Resort & Residences” kurortunun (Nardaran qəsəbəsi) ərazisində yeni obyektlər və komplekslər inşa etməyi planlaşdırır.
İndex.az xəbər verir ki, 2023-cü ildə “Sea Breeze Resort & Residences”in ərazisində 57 mehmanxana nömrəsindən və 171 apartamentdən ibarət beşmərtəbəli “Grand Hotel”in tikintisi başa çatacaq.
Həmçinin 2023-cü ildə 14 klub tipli evdən ibarət “Polo Residences” məhəlləsi tikiləcək. Burada rezidentlər üçün özəl hovuz və restoranlar, park, velosiped yolu, uşaq meydançası nəzərdə tutulub.
Bundan başqa, 2024-cü ildə birinci sahil xəttində yerləşən, geniş çeşiddə nömrə və apartamentlərə malik 7 mərtəbəli “SkyLine Hotel & Residences” apart-otelinin açılması gözlənilir.
Bununla yanaşı, “Sea Breeze Resort & Residences”in il boyu fəaliyyət göstərən kurort kimi inkişaf etdirilməsi planlaşdırılır. Bunun üçün “Sea Breeze Mall” ticarət kompleksinin və biznes mərkəzinin tikintisi nəzərdə tutulur. Həmçinin yaxın vaxtlarda “Sea Breeze”in ərazisində “Marina Village” şəhərciyinin (tikinti müddəti – 2023-2026-cı illər) və “MediСlub” tibb mərkəzinin (açılış tarixi 2023-cü il) tikintisinə başlanılacaq.
Hazırda kurort ərazisində 100 apartamentdən ibarət dördmərtəbəli kompleksin (“White Hotel”) tikintisi həyata keçirilir. Tikinti işləri 2022-ci ilin sonunadək başa çatacaq.
Bu gün “Sea Breeze Resort & Residences” otellər, yaşayış kompleksləri, villalar, apart-komplekslər və turizm obyektlərinə malik bir neçə məhəllədən ibarətdir. Təkcə 2021-ci ildə burada 100 min kv. metr yaşayış sahəsi istismara verilib, daha 200 min kv. metr yaşayış sahəsi isə tikilməkdədir. Qonaqpərvərlik sənayesinin ən yüksək normalarına cavab verən çimərliyin uzunluğu bu gün 2,5 km-ə çatır və gələcəkdə 6 km-lik göstəriciyə yaxınlaşacaq.
“Sea Breeze Resort & Residences” – artıq sadəcə kurort deyil, “şəhər içində şəhər” konsepsiyasında elit qəsəbədir. Layihədə məktəb, uşaq bağçası, ticarət və biznes mərkəzləri, 20-dən çox restoran və bar, klinika, idman meydançaları və s. var”, – deyə “Sea Breeze Resort”un satış və investisiyalar üzrə direktoru Ayaz Tağıyev layihə ilə bağlı bildirib.
Mənbə – İnterfaks-Azərbaycan