Ötən gecədən etibarən Aİ-95 markalı benzinin bahalaşması nəticəsində xeyli sayda sürücü avtomobilini Aİ-92 markalı benzinə “keçirdi”. Bəziləri oktanqaldırıcı qatqılardan istifadə etsə də, qatqıdan istifadə etməyənlərin də sayı az deyil.
Bəs minimal tələbi Aİ-95 markalı benzin olan avtomobillərdə Aİ-92 markalı benzinin istifadə olunması hansı fəsadlara yol aça bilər?
İndex.az ölkənin kifayət qədər tanınmış avtomobil ustaları, “MasterClass” radio layihəsinin (106.3 FM) ekspertləri ilə əlaqə saxladı.
Usta Əli Sultanov İndex.az-a bildirdi ki, əgər avtomobilin yanma kamerası yüksəkoktanlı benzin üçün nəzərdə tutulubsa, heç bir halda həmin avtomobildə tək Aİ-92 markalı benzindən istifadə etmək olmaz:
BUNU DA OXU – https://index.az/ai-95-markali-benzin-ala-bilmeyenler-bunu-etsin-rey/
“Aİ-92 markalı benzindən istifadə edildikdə isə mütləq xüsusi oktanartırıcı qatqılarla birlikdə istifadə olunmalıdır. Əks halda ilk növbədə detonasiya baş verəcək. İkincisi, yanma kamerasında olan tempuratur ikiqat, hətta üçqat artıq olacaq. Hansı ki, bu tempuraturun artıq olması da, porşenin, klapanın yanmasına və ya əriməsinə gətirib çıxarır. Üçünüsü, xaricetmə zamanı katalizatoru yandıracaq. Katalizatoru yandırmasının səbəbi odur ki, avtomobilin katalizatoru özünə uyğun benzinlə 500-600 dərəcədə işləyir. Benzinin oktanı aşağı düşdükdə isə bu tempuratur 800-900 dərəcəyə kimi qalxır. Nəzərə alsaq ki, ölkəmizdə istifadə olunan Aİ-92 markalı benzinin oktanı 75-78, ən yaxşı halda 85 oktan olur, bu zaman yüksək oktanla işləyən avtomobilin bu qədər aşağı oktanla işləməsi mümkünsüzdür”.
Usta Rəşad Qabulov da məsələ ilə bağlı İndex.az-a öz fikirlərini bildirdi:
“Ümumiyyətlə yanacağın göstəricisi olan Aİ-92, Aİ-95 antidetonasiya indeksidir. Yəni avtomobili detonasiyadan nə qədər qoruduğunu göstərir. Qısası, ədəd nə qədər aşağı olarsa, avtomobildə də, detonasiya bir o qədər çox olar. Detonasiya – zamanından əvvəl alışmaya deyilir. Belə ki, normal işləyən avtomobildə porşenlər təyinat nöqtəsinə çatdıqda alışma olmalıdır. Əgər porşen təyinat nöqtəsinə çatmamış alışma başlayırsa, bu artıq detonasiyadır və yaranmış detonasiya porşeni geri itələyib, mühərriki sıradan çıxarır. Buna görə, minumum Aİ-95 markalı benzin tələb edən avtomobillərdə oktan yüksək olmalıdır”.
BUNU DA OXU – https://index.az/benzinin-bahalasmasi-en-cox-bu-avtomobillerin-sahibl%c9%99rine-tesir-edecek/
Rəşad Qabulov da ölkəmizdə Aİ-92 markalı benzinin kefiyyətinin aşağı olmasını və bu növ yanacağın yüksək oktanlı avtomobillərdə istifadəsinin mühərrikin sıradan çıxmasına səbəb olacağını bildirdi:
“Məsələn Gürcüstanın “Regular” markalı benzini ilə bizim Aİ-92 markalı benzini müqayisə etdikdə, arada kefiyyət baxımından böyük fərq olduğunu görərik. Düzdür, postsovet ölkələri arasında kefiyyət baxımından bizim Aİ-92 markalı benzin öndədir. Lakin məncə normativlərə tam cavab verə bilməz”.