Türkiyə şirkəti Azərbaycanda audiovizual yayım konsepsiyasını hazırlayacaq

Azərbaycanda 2023-2030-cu illərdə audiovizual yayımların inkişaf konsepsiyası hazırlanacaq.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən (Teleradio İB) “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı “Teleradio”da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, eləcə də radio-televiziya şirkətlərinin məsul nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Konsepsiyanın hazırlanması Türkiyənin “Arthur D. Little” Konsaltinq Xidmətləri Səhmdar Şirkətinə həvalə olunub. Görüşdə şirkət təmsilçisi təqdimatla çıxış edib.

Konsepsiyanın texniki-iqtisadi cəhətdən səmərəli hazırlanması ilə bağlı toplantı iştirakçıları tərəfindən bir sıra təkliflər irəli sürülüb.

Konsepsiyanın hazırlandığı müddətdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.