Məlum olduğu kimi, Prezident İlham Əliyev bu gün 4 polis polkovnikinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Daxili İşlər Nazirliyinin 4 polkovniki Canpolad Daanov, Namiq Həsənov, Vüqar Ələkbərov və Sərdar Səfərov general-mayor rütbəsi alıb.
Index.az həmin generallarla bağlı bəzi məlumatları təqdim edir:
Canpolad Daanov – DİN Polis Akademiyasının rəisi
1981-ci ildə Balakən şəhərində anadan olub. BDU-nun Hüquq fakültəsinin bakalavr və magistraturasını fərqlənmə diplomları ilə bitirib. Daxili işlər orqanlarında xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasında müəllim kimi başlayıb. 2005-2019-cu illərdə müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini kimi çalışıb. 2019-2020-ci illərdə Polis Akademiyası rəisinin birinci müavini olub. 2020-ci ildən Akademiyasının rəisidir.
“Vətən uğrunda” medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.
Vüqar Ələkbərov – Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavini
1975-ci ildə Naxçıvanda anadan olub. 2004-cü ildə DİN-in Polis Akademiyasını bitirib. 1998-ci ildən xidmətə başlayıb və müxtəlif məsul vəzifələrdə işləyib. 2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-ci illərdə BŞBPİ-də idarə rəisi vəzifələrində çalışıb.
2020-ci ildən BŞBPİ-nin rəisinin müavini, daha sonra rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunub.
“İgidliyə görə” medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.
Sərdar Səfərov – Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini
1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.
1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Bu ilin fevralndan BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.
“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.
Namiq Həsənov – DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi
2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunaraq müvafiq vəzifəyə təyin olunub. “İgidliyə görə” medalı ilə təltif edilib.
(Qafqazinfo)