Formula 1-ə gələn hər turist 3000 dollar xərcləyir

Formula 1 Azərbaycan Qran Prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizdə orta hesabla, 3000 dollar pul xərcləyir.

İndex.az xəbər verir ki, bunu  Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, Formula yarışına baxmağa gələnlər adətən, maddi imkanları yüksək olan fanatlardır.

“Formula yarışına baxmaq üçün Bakıya gələn turistlər daha çox 5 ulduzlu hotellərdə qalır, ölkənin digər turizm imkanlarından istifadə edirlər. Pandemiya dövründə müəyyən məhdudiyyətlər olduğu üçün ölkəmiz Formula 1 yarışlarından çox da gəlir əldə edə bilmədi. Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə gələcək turistlərin sayı isə ən azından 2019-cu ildəki qədər olacaq”.

Ə.Qurbanov bildirib ki, Formula yarışları paytaxtda keçirildiyindən turistlər əsasən Bakıda qalırlar:

“Əvvəlki illərdə apardığımız monitorinqlərə əsasən deyə bilərik ki, həmin turistlər paytaxtın turistik yerlərində, ictimai-iaşə obyektlərində kifayət qədər pul xərcləyirlər. Formula 1 yarışları ilə əlaqədar əsasən Avropadan turistlərin gələcəyi gözlənilir. İyunun ilk ongünlüyündə ölkəmizdə xarici turistləri tez-tez görəcəyik”, – Assosiasiya sədri vurğulayıb.