“Azərbaycan Mikro-Kredit” BOKT zərərdən çıxa bilmir

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2021-ci ili 207 min manat xalis zərər ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 510 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azərbaycan Mikro-Kredit”in xalis zərəri 2,5 dəfə azalıb.

İndex.az xəbər verir ki, “Azərbaycan Mikro-Kredit”in faiz gəlirləri 2020-ci ildə 577 min manat ikən, 2021-ci ildə 418 min manata düşüb.

“Azərbaycan Mikro-Kredit”in xalis zərərinin azalması ötən il təşkilatın ehtiyata vəsait ayırmaması, əksinə ehtiyatdan 72 min manatın azad olmasıdır. Təşkilat 2020-ci ildə ehtiyata 572 min manat ayırmışdı.

Buna da bax: “Rabitəbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

2020-ci illə müqayisədə 2021-ci ildə “Azərbaycan Mikro-Kredit”in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 31% artaraq 1 milyon 905 min manata çatıb.

2 milyon 54 min manat nizamnamə kapitalına malik olan “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 100% Məmmədov Tural Elmar oğluna məxsusdur.

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin aprel ayında təsis edilib. BOKT Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014 cü il tarixli xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.