Energetika naziri: “Moldova Azərbaycandan qaz idxalında maraqlıdır”

Qazın təchizatı mənbələrinin şaxələndirilməsi, o cümlədən Azərbaycandan idxal, Moldovanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

İndex.az xəbər verir ki, bunu Moldovanın energetika naziri Dorin Junqetu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təbii qaz Moldovanın enerji sistemində – yerli generasiya, həmçinin daha geniş Avropa şəbəkəsində çeviklik və balansın təmin edilməsi üçün mühüm rol oynamağa davam edəcək: “Buna görə də biz Şaquli Qaz Dəhlizini enerji gələcəyimizin zəruri elementi hesab edirik. Təchizat mənbələrinin şaxələndirilməsinin davam etdirilməsi, o cümlədən Azərbaycandan idxal, ehtiyaclarımızın ödənilməsi üçün əsas əhəmiyyət kəsb edəcək”.

O, Moldovanın Cənub Qaz Dəhlizinə və “ümumi məqsədlərimiz olan enerji təhlükəsizliyi, dayanıqlılıq və regional inteqrasiya”ya sadiqliyini vurğulayıb.

“Birlikdə işləyərək, qarşıdakı çağırışların öhdəsindən gələ və hamı üçün daha təhlükəsiz, dayanıqlı və firavan enerji gələcəyi aça bilərik”, – deyə nazir əlavə edib.