
Böyük Britaniyada minik və kommersiya avtomobillərinin istehsalı fevralda ötən ilin eyni ayı ilə müqayisədə 11,6% azalaraq 82,178 min ədəd təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) məlumatında deyilir.
Bildirilir ki, azalma artıq ardıcıl on ikinci aydır davam edir.
Daxili bazar üçün 18,401 min avtomobil istehsal edilib ki, bu da 22,3% azalma deməkdir. İxrac üçün avtomobil istehsalı 8% azalaraq 63,777 min ədəd təşkil edib.
Beləliklə, Böyük Britaniyada istehsal edilən avtomobillərin 77,6%-i ixrac edilib.
Avropa İttifaqı ölkələri Britaniya minik avtomobillərinin əsas təyinat məntəqəsi olaraq qalıb (ixracın 53,5%-i). İkinci yeri ABŞ (19,7%), üçüncü yeri isə Çin (6,3%) tutub. Aİ və Çinə tədarük müvafiq olaraq 9,6% və 10,9% azalıb, ABŞ-a isə 34,6% artıb.
Ötən ay ölkədə 27,398 min elektromobil və hibrid istehsal edilib ki, bu da ötən ilin göstəricisindən 5,6% azdır.