
“Xiaomi” 2025-ci il üçün elektrikli avtomobil tədarük hədəfini artırdı.
İndex.az xəbər verir ki, əvvəllər 300 min avtomobil tədarük etməyi planlaşdıran şirkət bu rəqəmi 350 min ədədə çatdırıb. Elektrikli sedan modeli SU7-yə yüksək tələbat səbəbiylə istehsal gücünü artırmağa çalışan “Xiaomi”, sürətini azaltmadan Pekindəki fabrikində işlərini davam etdirir.
Şirkət 2024-cü ildə hədəflərindən artıq tədarüklərə nail olub. Fevral ayında edilən açıqlamaya görə, “Xiaomi” ümumilikdə 200 mininci avtomobilini təhvil verib. İlk 100 min avtomobil 229 gündə təhvil verildiyi halda, ikinci 100 min avtomobilin çatdırılması cəmi 119 gündə tamamlanıb. Bildirilir ki, artan tələbat səbəbindən yeni avtomobil almaq istəyən müştərilər ən azı 30 həftə gözləməli olurlar.
“Xiaomi” CEO Lei Jun yüksək tələbatı ödəmək üçün istehsal gücünü artırmağı hədəfləyir. Şirkətin Pekindəki fabriki hazırda ildə 150 min avtomobil istehsal etmək gücünə malikdir. Bu fabrikdə istehsalın artırılması istiqamətində işlərə başlanılıb. Keçən ilin iyulunda başlanan ikinci mərhələnin tikintisi başa çatdıqdan sonra gücün əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Şirkətin istehsal gücünü artırmaq səyləri təkcə SU7 modeli ilə məhdudlaşmayacaq. “Xiaomi” fevral ayında 1548 at gücünə malik “SU7 Ultra” modelini təqdim etdi. Elektrikli SUV modeli YU7-nin də bu il satışa çıxarılacağını gözləyirik.