Fatih Birol: “Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq”

İqlim dəyişikliyi ilə mübarizədə maliyyə vəsaiti şərtdir.

İndex.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” adlı tədbirdə deyib.

O bildirib ki, enerji səmərəliliyinin iki dəfə artırılması və bərpa olunan enerjidən istifadənin üç dəfə artırılması məqsədlərinə dair əldə edilən nəticələr pis və yaxşıdır: “Məyus olduğumuz nəticələr enerji səmərəliliyindədir. Keçən il biz qlobal enerji səmərəliliyinin illik artım tempini 2 %-dən 4%-ə yüksəldilməsi barədə razılaşdıq. Bununla belə, builki rəqəmlərə nəzər saldıqda qlobal enerji səmərəliliyinin artımı cəmi 1 % təşkil edir ki, bu da 10 il əvvəlki göstəricinin yarısıdır”.

O qeyd edib ki, bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür.