Trampın qələbəsindən 64 milyard dollar qazanan 10 zəngin – SİYAHI

Dünyanın ən zəngin 10 adamının sərvəti Donald Trampın ABŞ prezidenti seçkilərindəki qələbəsindən sonra ümumilikdə rekord məbləğdə – 63,5 milyard ABŞ dolları artıb.

İndex.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, qurumun 2012-ci ildə “Milyarderlər İndeksi”ni aparmağa başladığından bəri ən böyük gündəlik artımdır. Xüsusilə, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı insanı – İlon Mask olub ki, onun sərvəti Trampın qələbəsindən sonra 10,1 % (26,5 milyard ABŞ dolları) artaraq 290,3 milyard ABŞ dollarına çatıb.

Reytinqdə ikinci yeri tutan “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos bir gün ərzində 3,2 % (7,14 milyard ABŞ dolları), “Oracle” korporasiyasının rəhbəri Larri Ellison isə 5,4 % (9,88 milyard ABŞ dolları) zənginləşib.

Trampın qələbəsindən dolayı yol ilə faydalananlar arasında “Microsoft”un qurucusu Bill Qeyts, bu korporasiyanın keçmiş baş direktoru Stiv Ballmer, “Google”ın qurucuları Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway”in rəhbəri Uorren Baffet və kriptovalyuta birjalarının rəhbərləri Brayan Armstronq və Çanpen Çjao da var.

“Bloomberg” yazır ki, milyarderlərin sərvətinin kəskin artmasına səbəb Trampın Ağ Evə gəlişinin vergilərin azaldılmasına və maliyyə tənzimlənməsinin yumşaldılmasına səbəb olacağı gözləntiləri fonunda ABŞ şirkətlərinin səhmlərinin qiymətlərinin artmasıdır.

Trampın qələbəsi barədə məlumatlar fonunda dollar möhkəmlənməyə başlayıb və “S&P 500” indeksi 2,5 % artıb.