Efiopiyada benzinli avtomobil satışı birdən-birə qadağan edildi

Şərqi Afrika ölkələrindən biri olan Efiopiyada çox maraqlı bir hadisə baş verib.

İndex.az xəbər verir ki, hökumət qəfil bir qərar verərək yanacaqla işləyən avtomobillərin satışını qadağan etdi.

Dünya ölkələri elektrikli avtomobilə keçidlə bağlı müxtəlif qərarlar qəbul edirlər. Ancaq görürük ki, həm Avropada, həm də ABŞ-da bunun üçün müəyyən təqvim yaradılıb.

Bir neçə ay əvvəl qalıq yanacaqla işləyən avtomobillərin idxalını qadağan edən və benzinin qiymətini 8 faiz artıran Efiopiya isə birdən-birə avtomobil satışına embarqo qoyub.

Efiopiya mənbələrinin məlumatına görə, hökumət belə bir qərar qəbul etmək üçün çox erkən hərəkət edib. Əldə edilən məlumatlara görə, ölkənin enerji infrastrukturu elektromobillərə olan tələbatı ödəmək üçün kifayət qədər inkişaf etməyib. Hökumət rəsmiləri bütün ölkəni elektromobil doldurma stansiyaları ilə təchiz edəcəklərini desələr də, belə böyük layihənin nə vaxt başa çatacağı bəlli deyil.

Digər tərəfdən elektrik infrastrukturu Efiopiyanın yeganə problemi deyil. Ölkə üzrə adekvat xidmət şəbəkəsinin olmadığı da bildirilir. Əldə edilən məlumata görə, elektrik avtomobillərinin ehtiyat hissələri ümumiyyətlə Çindən gətirilsə də, onların üzərində işləyə bilən ustaların sayı kifayət qədər deyil. Görünür, bu qərar Efiopiyada çox ciddi böhrana səbəb olacaq.