Azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıb? – RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 604 mənzil alıblar, bunun da 87-ı sentyabrda olub.

Bu barədə İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə olaraq 38 mənzil (5,9 %) azdır. Ötən ilin sentyabr ayı ilə müqayisədə isə 11 mənzil (11,2 %) çoxdur.

Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında Türkiyədə xarici vətəndaşlara 17 243 mənzil (il ərzində 11 039  ədəd və ya 39,04 % azalıb) satılıb. Təkcə sentyabr ayında ölkədə 2 043 xarici vətəndaş (915 ədəd və ya 30,94 % az) mənzil sahibi olub.

Sentyabrda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 346 mənzil (376 mənzil və ya 2,09 dəfə az) satılıb. Bu ilin 9 ayında isə rusiyalılar bu ölkədə 3 635 mənzil (5 048 ədəd və ya 2,39 dəfə az) alıblar.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 9 ay ərzində bu ölkədə 1 555 mənzil satılıb, onların 163-ü sentyabr ayında əldə edilib. Bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2 043 ədəd və ya 2,32 dəfə azdır, 2023-cü ilin sentyabr ayına nisbətən isə 164 mənzil və ya 2,01 dəfə azdır.

İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 97 mənzilə (25 mənzil və ya 20,5 % az) sahib olub, yanvar-sentyabr aylarında isə 1 154 mənzil (187 ədəd və ya 13,95 % az) alıblar.