BP-nin dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə azərbaycanlı rəhbərlik edəcək – TƏYİNAT

Bu ilin dekabrın 2-dən BP şirkətin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə Elxan Məmmədov təyin edilir.

İndex.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, yeni vəzifəsində E. Məmmədov BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında BP-nin London ofisində çalışacaq.

Hazırda E. Məmmədov BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə E. Məmmədov son bir neçə ildir ki, AGT regionunda BP-nin bütün hasilat işlərinə rəhbərlik edir.

BP-nin AGT üzrə regional prezidenti Qəri Counz: “Elxan Məmmədov əməyin təhlükəsizliyinə olan xüsusi diqqəti, həmkarları, komandaları və bütün maraqlı tərəflərlə qurduğu əlaqələri və qazandığı etibara görə tanınan və yüksək hörmət edilən bir liderdir. Onun rəhbərliyi altında işçilər BP-nin Xəzər regionundakı dəniz və quruda yerləşən obyektlərində çox yüksək texniki təhlükəsizlik göstəriciləri və eləcə də dünya səviyyəli səmərəlilik və etibarlılıq nümayiş etdirməklə fəaliyyət göstəriblər. Bu ilin əvvəllərində E. Məmmədov BP-nin texnoloji baxımdan ən qabaqcıl platforması hesab edilən və “Azəri-Çıraq-Günəşli” yatağında BP-nin yeddinci platforması olan “Azəri Mərkəzi Şərqi” platformasının təhlükəsiz şəkildə işə salınmasına rəhbərlik edib. Fürsətdən istifadə edərək AGT regionu üçün gördüyü bütün işlərə görə Elxana təşəkkür edir və yeni yüksək vəzifəsində ona uğurlar diləyirəm.”

Qeyd edək ki, E. Məmmədov BP-də fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə o, aviasiya sektorunda işləyib. BP-də E. Məmmədov quruda və dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri və sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb. O, həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. Elxan nəhəng AÇG və “Şahdəniz” yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri boyunca uzanan neft və qaz ixrac boru kəmərləri də daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir.

E. Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması üzrə magistr dərəcəsi, Massaçusets Texnologiya İnsitutu (MIT) və London Biznes Məktəbinin bir sıra ixtisaslaşmalar üzrə diplomları var. O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb.

2014-cü ildə E. Məmmədov Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına verdiyi əhəmiyyətli töhfələrinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.