Bir dövrün sonu: “Kaspersky” özünü kompüterdən silir!

Dünyaca məşhur kibertəhlükəsizlik şirkəti “Kaspersky” ABŞ-da fəaliyyətini dayandırıb.

İndex.az xəbər verir ki, şirkət bu qərarı ABŞ hökumətinin “Kaspersky”ı milli təhlükəsizliyə təhdid kimi müəyyən edən siyahıya əlavə etməsindən sonra verdiyini açıqlayıb.

ABŞ-dakı müştərilər “Kaspersky” proqramının qəfildən kompüterlərindən silindiyini və onun yerinə “UltraAV” adlı başqa bir antivirus proqramı ilə əvəz olunduğunu bildirirlər.

Müştərilərinə göndərilən elektron məktublarda şirkət “UltraAV” ilə əməkdaşlıq etdiyini və ABŞ-da istifadəçilərin kibertəhlükəsizliyinin qorunmasının bu proqramla davam edəcəyini bildirib.

Lakin bir çox istifadəçi proqram təminatının qəfil dəyişməsindən xəbərsiz idi. Bir səhər kompüterlərini açdıqları zaman proqram yerinə “UltraAV” görən istifadəçilər bu gözlənilməz dəyişiklikdən narahat olduqlarını ifadə etdilər.