Tramp: “Zelenski ABŞ-a hər gələndə 60 milyard dollarla qayıdır”

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin demokratların seçkilərdə qalib gəlməsini istədiyini iddia edib.

İndex.az xəbər verir ki, Ukrayna liderini hədəf alan Tramp deyib: “Məncə, Zelenski tarixin ən böyük marketoloqudur. O, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla qayıdır”.

Pensilvaniya ştatında keçirilən seçki mitinqində çıxış edən Donald Tramp seçkidə qalib gəldiyi təqdirdə Putin və Zelenskiyə zəng edib müharibəni bitirmək üçün razılığa gəlmələrini söyləyəcəyini deyib.

Qeyd edək ki, ABŞ indiyədək 56 milyard dollarlıq yardımla Ukraynanın müdafiəsinə ən çox dəstək verən ölkədir.