Monarxiya əleyhdarları: “Kral ailəsinin İngiltərədə real xərci ildə 510 milyon funt sterlinqdir”

İngiltərədəki anti-monarxiya kampaniyası “Respublika” qrupu, kral ailəsinin İngiltərədə real xərcinin ildə 510 milyon funt sterlinq olduğunu bildirib.

İndex.az xəbər verir ki, bu məbləğ kral ailəsinin xərclərini maliyyələşdirən 86 milyon funt-sterlinqlik “Sovereign Grant” adlı dövlət fondundan təxminən altı dəfə çoxdur.

“Sovereign Grant” fondu kral ailəsinin işçi heyəti, səyahət və məkanların təmiri kimi xərclərini əhatə edir. Lakin təhlükəsizlik kimi bəzi xərclər bu fonddan kənarda qalır.

“Respublika” qrupu onu da qeyd edir ki, təkcə təhlükəsizlik xərcləri medianın məlumatlarına əsasən 150 milyon funt sterlinq səviyyəsində hesablana bilər. Monarxiyanın əleyhdarları da hökuməti bu məbləğləri aydın şəkildə izah etməyə çağırırlar.

Qrupun hesabladığı 510 milyon funt-sterlinq rəqəminə “itirilmiş gəlirlər” də daxildir. Məsələn, bu məbləğə kral ailəsinin iqamətgahlarından əldə edilə bilən illik 96 milyon funt-sterlinq kommersiya gəliri daxildir.

“Respublika” qrupu krallığın bugünkü kimi maliyyələşdirilməsinin “dövlət pullarının israfı” olduğunu iddia edir və Kralın ildə 189.000 funt sterlinq maaş almasını təklif edir.

Bukingem Sarayı isə bu bəyanatlara cavab verməkdən imtina edib.

Məlum olub ki, monarxiyaya dəstək daha çox yaşlılar arasında, monarxiyaya qarşı çıxanlar isə gənclər arasında daha çox müşahidə olunur.