“iPhone” illər sonra videoya fasilə düyməsini gətirib

“Apple” ötən gün keçirdiyi tədbir çərçivəsində “iPhone 16” seriyasını və “iOS 18” yeniləməsini təqdim etdi.

İndex.az xəbər verir ki, yeni əməliyyat sistemi ilə kamera tətbiqinə bir çox yeniliklər gətirildi. Bunların arasında video çəkilişi dayandırmağa və davam etdirməyə imkan verən yeni düymə də var.

Gələn həftə təqdim olunacaq “iOS 18” ilə istifadəçilər video çəkərkən ekranın sol tərəfində yeni pauza düyməsini görəcəklər. Bu düyməyə toxunmaq qeydi dayandıracaq, yenidən toxunmaq isə qaldığı yerdən davam edəcək.

Bu, hər dəfə ayrı-ayrı videoları başlamaq və dayandırmaq əvəzinə, müxtəlif intervallarda tək bir video yazmağa imkan verəcək. Müvafiq olaraq, istifadəçilər istənilən vaxt qeydi dayandıra və qaldıqları yerdən davam edə biləcəklər.

Ekranın ortasındakı mövcud düymə qeydi bitirməyə davam edəcək. “Apple” bildirib ki, yeni fasilə düyməsi ümumi videonu kəsmədən uzun və ya çoxlu kadrlar çəkməyi asanlaşdıracaq.

Təbii ki, bu xüsusiyyətin illərdir “Android” cihazlarında mövcud olduğunu vurğulamaq lazımdır. “Google” uzun illərdir ki, kamera proqramında videonun dayandırılmasına icazə verib. Bu yolla “Android” istifadəçiləri istədikləri zaman video çəkilişini dayandıra bilərlər.