Yevlax Pilot Aqroparkın rezidenti püstə bağı salacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC Azərbaycanda ilk dəfə olaraq püstə bağı salacaq.

İndex.az xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında “UCB-1” calaqaltısı üzərinə püstə tingləri əkiləcək. ABŞ-dən alınan bu calaqaltılar daha qısa zaman ərzində məhsul əldə etməyə imkan yaradır. Adi halda püstə tingləri 9-10 ildən sonra meyvə verdiyi halda, “UCB-1” calaqaltısı üzərinə əkilən tinglər 3 ildən sonra meyvə verməyə başlayır.

Hazırda 10 min ədəd hazır püstə tingi var ki, onları da 30 hektara yaxın ərazidə əkmək mümkündür. Bu il aqroparkın 20 hektar ərazisində həmin tinglər hesabına yeni püstə bağı salınacaq, qalan 10 hektarlıq ərazi üçün nəzərdə tutulan tinglər isə digər fermerlərə satılacaq.

S.Xeyirbəyov bildirib ki, hazırda yerli istehsal olmadığından Azərbaycan bahalı məhsul sayılan püstəni idxal edir. Bağın məhsulu gələcəkdə daxili tələbatı ödəməklə yanaşı, ixrac da edilə bilər.