Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək

Sentyabrın 7-8-də Şamaxıda Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində ənənəvi Üzüm və Şərab Festivalı baş tutacaq.

İndex.az xəbər verir ki, artıq üçüncü dəfə keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.

Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcək.