“WhatsApp” ilk dəfə istifadəçilərin sayını rəsmi olaraq açıqladı!

“Meta”, xüsusilə ABŞ-da istifadəçilərin sayını mətbuatla paylaşmamaqda israr edirdi.

İndex.az xəbər verir ki, illərlə davam edən ənənəyə son qoyan “Meta”, ABŞ-da “WhatsApp”dan istifadə edən cihazların sayını rəsmi olaraq paylaşdı.

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq şirkətin ABŞ-da “WhatsApp” istifadəçilərini açıqlamamaq ənənəsini pozaraq öz “WhatsApp” hesabında paylaşım edib.

Zukerberq bildirib ki, “WhatsApp” bu gün ABŞ-da 100 milyon istifadəçi həddini keçib. Zukerberqin sözlərinə görə, “WhatsApp” ölkədə ən sürətlə inkişaf edən mesajlaşma proqramıdır və təkcə Texas ştatında 10 milyon istifadəçini ötüb. Bundan başqa, Los-Anceles, Nyu-York və Mayami də “WhatsApp” istifadəsinin sürətlə artdığı şəhərlər sırasındadır.

Bütün bu inkişafa baxmayaraq, “WhatsApp”ın ABŞ-da hələ də “iMessage”dan çox geridə olduğunu qeyd etməliyik. Nəhayət, 2024-cü ilin mart ayında dərc edilən rəqəmlər göstərdi ki, ABŞ-da 240 milyondan çox “iMessage” istifadəçisi var.