Paris Olimpiadasından əvvəl Fransada qatar xətlərinə hücum edildi

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış Fransada qatar xətlərinin yandırıldığı və əsaslı şəkildə pozulduğu bildirildi.

İndex.az xəbər verir ki, Fransanın milli dəmir yolu şirkəti SNCF cümə günü səhər qatar infrastrukturuna böyük hücum edildiyini açıqlayıb. Hücum bir çox qatar marşrutunun dəyişdirilməsinə və xidmətlərin ləğvinə səbəb olub.

Yanğın çıxartma şəklində meydana gəldiyi deyilən hücumun 2024-cü il Paris Olimpiadasının ilk günündə nəqliyyat sistemini xaosa sürükləməsi gözlənilir. Fransanın nəqliyyat naziri Patris Verqriete X sosial media hesabından verdiyi açıqlamada yaxın bir neçə gün ərzində yüksək sürətli qatarların xidmətlərində fasilələrin olacağını bildirib.

Baş nazir Qabriel Attal X hesabına hücumla bağlı açıqlama verib: “Bu gün səhər saatlarında SNCF obyektlərində planlı və razılaşdırılmış təxribat aktı həyata keçirilib. Dəmir yolu şəbəkəsi üçün fəsadlar böyük və ciddidir. Zərər çəkmiş ərazilərə cavab verən yanğınsöndürənlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Bu cinayət əməllərinin səbəbkarlarını tapmaq və cəzalandırmaq üçün kəşfiyyat xidmətlərimiz və hüquq-mühafizə qüvvələrimiz səfərbər olublar”.