Bank amputasiyası – Ekspert “Naxçıvanbank”ın bağlanmasını şərh etdi

Bankların sayının azalması bank sektorunda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir.

İndex.az xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Eldəniz Əmirov “Naxçıvanbank”ın ləğv edilərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə münasibət bildirirərkən söyləyib.

Onun sözlərinə görə, “Naxçıvanbank”ın bağlanmasının səbəbi kimi onun səhmdarlarının qərarı göstərilir: “Belə ki, bu bankın maliyyə göstəriciləri qənaətbəxş olsa da, yəni likvid aktivləri kreditor öhdəliklərini üstələsə də səhmdarlar onun bağlanmasına və BOKT-a çevrilməsinə qərar verib”.

O qeyd edib ki, bu, əslində maraqlı məqamdır: “BOKT-ların bank olmaq arzusu ilə çarpışdığı bir dünyada, “Naxçıvanbank”ın səhmdarları niyə BOKT olmağı arzulayıb?: “Ümumiyyətlə, düzdür, son bir neçə ildə bağlanan bankların maliyyə vəziyyəti elə idi ki, onsuz da bu bankların rəqabət mühiti üçün bir faydası yox idi. Amma yenə də hər hansı bankın bağlanması bu sektor üçün uğur deyil”.

Ekspertin fikrincə, insan ayağında problemli (xəstə) barmaq olanda o insanın rahat yeriməsinə mane olur: “Bu xəstə barmaqdan xilas olmaq üçün onu amputasiya etmək olar. Amma bu ən yaxşı yol deyil. Çünki, hər xəstə barmaq amputaiya olunarsa, bir gün insan 2-3 barmağın umuduna qalar və yerimək qabiliyyətini itirər. Ona görə də yaxşı olardı ki, maksimum dərəcədə problemli barmaqlar müalicə olunsun. Axı müalicənin yüz üsulu var, amputasiyanın isə bir”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.