Tramp Çindən gələn avtomobillərə 100-200% rüsum tətbiq etməyi planlaşdırır

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyib ki, seçkidə qalib gəlsə, Amerika avtomobil sənayesini tamamilə məhv olmaqdan xilas edəcək.

İndex.az xəbər verir ki, mümkün tədbirlərdən biri kimi o, Çin avtomobillərinə 100-200% rüsumun tətbiqini göstərib.

Miluokidə Respublikaçıların Milli Qurultayında çıxış edən Donald Tramp ABŞ prezidenti Co Bayden administrasiyasının qəbul etdiyi elektriklə işləyən avtomobillərə kütləvi keçid strategiyasını tənqid edib. O, 2032-ci ilə qədər ABŞ-də satılan yeni avtomobillərin əksəriyyətinin elektrik mühərriki ilə təchiz edilməsi tələbini aradan qaldırmaq niyyətində olduğunu bildirib.

“Hazırda Meksikada böyük zavodlar tikilir. Çin onları maşın istehsal etmək və ABŞ-yə satmaq üçün tikir. Onlar dünyanın ən böyük  zavodlarını tikirlər. Bu zavodlar ABŞ-də tikiləcək və orada bizim insanlar işləyəcək. Əgər razılaşmasalar, o zaman biz hər avtomobilə təxminən 100-200% tarif tətbiq edəcəyik və onların ABŞ-də satışı qeyri-mümkün olacaq”, – Tramp söyləyib.

2023-cü ilin sentyabrında ABŞ-də avtomobil işçilərinin onilliklər ərzində ən böyük tətili baş verib. Tətildə “General Motors”, “Ford” və “Stellantis” zavodlarının işçiləri iştirak edib – ümumilikdə 50 min nəfər. Onlar əmək haqlarının tədricən artırılmasına zəmanət verilməsini, pensiyaların yaxşılaşdırılmasını və əvvəlki əmək müqavilələrində göstərilən müavinətlərin siyahısının bərpasını tələb ediblər.