“Tesla” taksisi 690 min km qət edib, batareyası hələ də saz vəziyyətindədir

Böyük Britaniyada bir taksi sürücüsünə məxsus “Tesla Model S” düz 690 min kilometr yol qət edib və onun akkumulyatoru hələ də 76,9% tutumundadır.

İndex.az xəbər verir ki, bu “Tesla Model S” gündəlik həyatda intensiv şəkildə istifadə olunub. Belə ki, o, taksi kimi işləyib və demək olar ki, dayanmadan səyahət edib.

Təbii ki, onun xarici görünüşü bir az köhnəlib, üzərində bir neçə cızıq var. Asma sistemində də bəzi aşınmalar var. Amma ən əsası bu avtomobilin orijinal akkumulyatorunun hələ də dayanmasıdır.

“AutoTrader” şirkəti bu yüksək yürüşlü taksi “Tesla Model S2 alıb və onu bir sıra sınaqlardan keçirib. Avtomobil uzun müddət yüksək sürətlə istifadə edilməsinə baxmayaraq, batareya tutumunun 76,9 faizini saxlayıb.

Bu, təqribən 64,9 kVt/saat enerjiyə və tam doldurma ilə 347,62 kilometr məsafə qət etməyə bərabərdir. Avtomobilin zavod məsafəsi 290 mil, yəni təxminən 466 kilometrdir. Bu o deməkdir ki, bu “Model S” illər ərzində gətirdiyi çətinliklərə baxmayaraq, performansını çox itirməyib.

Əlbəttə ki, batareyanın sağlamlığını qiymətləndirmək üçün istifadə edilən üçüncü tərəf proqramları “Tesla”nın öz testlərindən bir qədər az etibarlı ola bilər. “Tesla”nın öz testləri daha ətraflı nəticələr təqdim edir və avtomobilin tam doldurulmuş vəziyyətdə bir gün bağlı qalmasını tələb edir. Ancaq hətta üçüncü tərəf proqramları belə batareyanın nə qədər möhkəm olduğunu göstərir.