Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,1 milyard manat olmaqla 2024-cü ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 5% artıb.

İndex.az bu brədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ümumi dəyərin 78,8%-ini pərakəndə ticarət dövriyyəsi, 18,1%-ini  əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1%-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar ayı ilə müqayisədə 4,8% artaraq 5,9 milyard manata bərabər olub, onun 46,6%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 600,7 manat və ya 2024-cü ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 52 manat çox vəsait xərcləyib.