Almaniyanın enerji avadanlıqları istehsalçısı "Siemens Energy" ABŞ-də elektrik şəbəkəsi infrastrukturu üçün avadanlıqların və qaz turbinlərinin istehsalı üzrə əməliyyatların genişləndirilməsinə 1 milyard dollar investisiya etmək niyyətindədir.

İndex.az xəbər verir ki, "Siemens Energy"nin məlumatına görə, şirkət ABŞ-də bir neçə mövcud istehsal sahəsinin genişləndirilməsini, həmçinin Missisipi ştatında elektrik şəbəkəsi infrastrukturu üçün əsas komponentlərin istehsalı üzrə yeni müəssisənin inşasını planlaşdırır.

Bu investisiyaların istehsal, əməliyyat fəaliyyəti və mühəndislik sahəsində 1,5 mindən çox ixtisaslı iş yerinin yaradılmasına imkan verəcəyi gözlənilir.

Şirkət data mərkəzlərinin və süni intellekt infrastrukturunun tikintisi, eləcə də sənayenin elektrikləşdirilməsi fonunda ABŞ-da elektrik enerjisinə tələbatın görünməmiş artımını qeyd edib.

"Artan tələbatı ödəmək üçün müasir və dayanıqlı elektrik şəbəkəsi infrastrukturunun sürətlə qurulması, eləcə də generasiya güclərinin əhəmiyyətli dərəcədə artırılması tələb olunur – bu, "Siemens Energy"nin əhəmiyyətli töhfə vermək niyyətində olduğu sahədir", - deyə məlumatda bildirilir.

Son bir ildə "Siemens Energy"nin kapitalizasiyası 2,8 dəfə artıb.