Dekabrın 30-dan etibarən “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb.

İndex.az xəbər verir ki, “PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Belə ki, hazırda “PAŞA Maliyyə Holding”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (“Kapital Bank”, “Competo” və “PashaPay”), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir.

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holding”in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan şəkildə idarə olunmasına imkan verəcək. Bu addım Holdinqin strateji inkişaf mərhələsində mühüm dönüş nöqtəsidir.”

Qeyd edək ki, “PAŞA Maliyyə Holding”in baş icraçı direktoru vəzifəsinə bundan əvvəl “PAŞA Holding”in baş icraçı direktorunun müavini və “Bir” ekosisteminin baş icraçı direktoru kimi fəaliyyət göstərmiş Fərid Məmmədov təyin edilib. Yeni vəzifəsi ilə yanaşı, F. Məmmədov, eyni zamanda “Bir” ekosisteminin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini davam etdirəcək.