İsrailin baş naziri Benyamin Netanyahunun Məscidül-Əqsa yaxınlığındakı tunellərdə arxeoloji qazıntıların aparıldığı ərazidə çıxışı Türkiyədə reaksiyalara səbəb olub.
İndex.az xəbər verir ki, Netanyahu Osmanlı dövründə Şərqi Qüdsdə tapılan və İstanbul Arxeologiya Muzeyinə gətirilən Siloam (Silvan) kitabəsini Türkiyədən tələb etdiyini, lakin Ərdoğan və seçici bazası səbəbindən ala bilmədiyini iddia edib.
Yazının yəhudi tarixi üçün çox əhəmiyyətli olduğunu iddia edən Netanyahu, yazını o zamankı baş nazir Məsut Yılmazdan tələb etdiyini, lakin bütün cəhdlərinə baxmayaraq müvəffəqiyyətsiz olduğunu açıqladı.
Sözügedən açıqlamalardan sonra, İstanbul Arxeoloji Muzeyi həyəcan vəziyyətinə gətirildi.
Jurnalist Barış Terkoğlu, Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin Siloam kitabəsinin bərpa olunmaq üçün çıxarıldığı depoda mühafizə edildiyini, artefaktın təhlükəsizliyini təmin etmək üçün nazirlik qrupları ilə yanaşı Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşlarının da vəzifə yerinə yetirdiyini bildirib. Nüfuzlu mənbələr Netanyahunun çıxışından sonra artefaktın qorunma səviyyəsinin artırılacağını da açıqlayıb.
