Azərbaycanın Neftçala şəhərində ilk dəfə olaraq Balıq Festivalı keçiriləcək.
İndex.az xəbər verir ki, festival dekabrın 4-də, saat 11:00-da Neftçala şəhərinin Bayraq meydanında, Park-Bulvar Kompleksində baş tutacaq.
Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Balıqçılıq və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Bu unikal tədbir Neftçalanın artan turizm potensialını nümayiş etdirmək, rayonun əsrlərdən gələn balıqçılıq ənənələrini yaşatmaq və hər kəs üçün rəngarəng, maraqlı bir festival mühiti yaratmaq məqsədi daşıyır.
Festivalda balıqçılıq irsini canlandıran təqdimatlar və unikal sərgilər, rəngarəng əl işləri, interaktiv foto-zonalar və yaradıcılıq guşələri, həyəcanlı müsabiqələr və ailəvi əyləncələr, su idman yarışları, Kür çayında gəzinti təşkil ediləcək.
Həmçinin canlı musiqi, rəngli performanslar və enerji dolu konsert proqramı, dünyanın müxtəlif mətbəxlərindən ləzzətlər və xüsusi kulinariya təqdimatları, kənd təsərrüfatı və balıqçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil olunacaq.
Qeyd edək ki, festivala giriş sərbəstdir.
