Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat olmayıb.

İndex.az Unikal-a istinadla xeber verir ki, bununla da Azərbaycanda başçının olmadığı icra hakimiyyətlərinin sayı 6-ya çatıb. Belə ki, hazırda 1 şəhər və 5 rayonun icra başçısı yoxdur.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur.

Elə həmin gün - 2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad olunub. O, həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov cəmi 47 gün Nəsimi rayonunun icra başçısı postunda qala bildi. Onun işdən çıxarılması geniş rezonans doğurmuşdu.

Ağdərə rayonunun da icra başçısı yoxdur. Belə ki, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.