Düz 50 il əvvəl, 1973-cü il aprelin 3-də dünyada ilk dəfə mobil telefonla zəng edilib.
İndex.az xəbər verir ki, bu barədə TRT World portalı məlumat yayıb.
Bu zəngi “Motorola” şirkətinin mühəndisi Martin Kuper “AT&T Bell Laboratories”dən olan Coel Encelə edib. Bu zəng zamanı Martin Kuper "şəxsi, əldə sığışan portativ telefon" istifadə etdiyini elan edib. M. Kuperin zəng etdiyi cihaz, demək olar ki, 800 qram ağırlığında olan “Motorola DynaTAC” telefonu idi.
Bu əl telefonunu tam doldurmaq üçün 10 saat vaxt lazım olub, batareyanın isə gözləmə rejimində işləmək gücü 12 saat davam edib. O zaman hələ SMS mesajları haqqında heç bir söhbət də yox idi və cihaz yalnız zəng edə və qəbul edə bilərdi.
Martin Kuperin prototipinin kommersiya versiyası olan “Motorola Dynatac 8000X” isə 1984-cü ildə tarixi zəngdən 11 il sonra buraxılıb. Mobil Telefonlar Muzeyinin direktoru Ben Vudun sözlərinə görə, onun dəyərini cari məzənnə nəzərə alaraq yenidən hesablasalar, bu, alıcıya 11,7 min dollara başa gəlib.
