Azərbaycandakı kredit ittifaqları 2025-cü ili 0,3 milyon manat xalis zərərlə başa vurub. Halbuki, kredit ittifaqları 2024-cü ildən 0,1 milyon manat xalis mənfəətlə çıxmışdı.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il kredit ittifaqlarının gəlirləri 2,3 milyon manat (əvvəlki illə müqayisədə 4,55 % çox), xərcləri 1,3 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (50 % çox), mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat (eyni qalıb) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 12,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır. Bunun 10,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,6 % azalaraq 2,7 milyon manata, balans kapitalı isə 1 % azalaraq 9,7 milyon manata düşüb.