Azərbaycanda istehlak kreditlərinin həcmində və xüsusi çəkisində artım davam edir.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonunda istehlak kreditləri üzrə borc 4,52 milyard manat olduğu halda, 2022-ci ilin iyulun 1-də kredit borcu 5,19 milyard manata çatıb. Altı ay ərzində istehlak kreditlərinin həcmi 670 milyon manat, yəni 14,8 faiz artıb.

İstehlak kreditlərinin həcmi ilə bərabər onların cəmi kredit qoyuluşunda da payı yüksəlib. Əgər 6 ay əvvəl bütün kreditlərin 27,1 faizi istehlak kreditindən ibarət idisə, hazırda 28,3 faizi istehlak kreditidir. Bu fakt onu göstərir ki, istehlak kreditlərində artım sürəti daha böyükdür.

Ümumilikdə, Azərbaycanda 18,32 milyard manat həcmində kredit qoyuluşu həyata keçirilib. Yəni, əhalinin, biznes sektorunun, dövlətin banklara bu qədər kredit borcu var. Kredit borcunun 10,482 milyard manatını biznes, 5,19 milyard manatını istehlak, 2,65 milyard manatını ipoteka kreditləri təşkil edir.

Sfera.az