Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçiriləcək iclasında İranda repressiyalara görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən hökumət üzvləri, prokurorlar, polis bölmələrinin rəhbərləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə qarşı sanksiyalar qəbul ediləcək.
İndex.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro iclasdan əvvəl bildirib.
"İran xalqının dinc üsyanına qarşı dözülməz repressiyalar cavabsız qala bilməz. İranın cəsur qadın və kişiləri zorakılığın qurbanı olublar. Biz bu gün məhz həmin repressiyalara görə cavabdeh olanlara qarşı Aİ sanksiyalarını qəbul edəcəyik", - Fransa XİN başçısı jurnalistlərə bildirib.
Barro qeyd edib ki, İranın 20-dən çox fiziki şəxs və təşkilatının aktivləri dondurulacaq, həmçinin onların Avropa İttifaqı ərazisinə girişi qadağan ediləcək.
"Yəqin ki, daha da irəli getmək lazım gələcək və məhz buna görə Fransa dünən SEPAH-ın Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyəcəyini elan edib", - o bildirib.
Nazir əlavə edib ki, törədilmiş cinayətlər cəzasız qalmamalıdır.
