Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 8 442 milyon manatı və yaxud 41,2%-i sosialyönlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) olub.
İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.
9 ay ərzində ölkədə iqtisadi fəaliyyət (əsasən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, dövlət əsaslı vəsait qoyuluşu) xərclərinə 1 il əvvələ nisbətən 60,5 % çox və yaxud 1 668,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 % çox və yaxud 40,1 milyon manat, təhsil xərclərinə 18,9 % çox və yaxud 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 % çox və yaxud 219 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 % çox və yaxud 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 % çox və yaxud 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 % çox və ya 37 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 % çox və yaxud 80,4 milyon manat çox vəsait yönəldilib.
