Sakit okeanın ucqar ada dövləti olan Tuvaluda ilk dəfə bankomatlar quraşdırılıb.
İndex.az “The Guardia” nəşrinə istinadən xəbər verir ki, bu ana qədər sakinlərin elektron bank xidmətlərinə çıxışı yox idi.
Bankomatların tətbiqi dövlətin əsas Funafuti adasındakı Vaiaku kəndində təntənəli mərasimlə qeyd edilib. Tədbirdə ölkənin Baş naziri Feleti Teo və digər yüksək vəzifəli şəxslər iştirak etdilər. İlk qurğular Tuvalu Milli Bankının baş ofisində yerləşdirilib.
Əvvəllər ölkədə bütün maliyyə əməliyyatları yalnız nağd pulla aparılırdı. Maaş günlərində işçilər saat 14:00-da bağlanan bankda uzun növbələrdə dayanmalı olurdular. Ərzaq, otel və müxtəlif xidmətlərin ödənişi demək olar ki, həmişə kağız əskinaslarla həyata keçirilirdi.
Yaxın gələcəkdə müxtəlif kəndlərdə və hava limanında əlavə bankomatların quraşdırılması planlaşdırılır. Sakinlər bank kartları alacaqlar və onlayn-bankinq xidmətləri ilk əvvəl pulsuz təqdim ediləcək.
Baş nazirin izah etdiyi kimi, bu, "insanlar öyrəşənə qədər" baş tutacaq. Beş bankomatın və 30 ödəniş terminalının tətbiqi 1,9 milyon dollara başa gəlib.
Tuvaluda təxminən 12 min insan yaşayır. Gözlənilir ki, yeni bank texnologiyalarından təxminən 6 min müştəri istifadə edəcək.
